Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz

0

  •         Qəhrəman igidlərimiz Vətənimizin, dövlətimizin
    tarixinə qızıl hərflərlə yazmaq kimi bir şərəfə nail oldular. Erməni təcavüzü
    və terrorizminə qarşı ölüm-dirim mübarizəsinə qalxan minlərlə igidlərimiz
    torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçiblər. Vətən Müharibəsində
    şərəfli ölümə - daha doğrusu ölümsüzlüyə qovuşan oğullarımızdan biri də Nicat
    Əhmədovdur. O, şəhidlik zirvəsinə ucalmaqla ömür payını Vətən torpağının
    bütövlüyü uğrunda qurban verdi.Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın
    22-si Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. Onun ailəsi 1989-cu ildə
    Xankəndindən Bakıya köçübdür. Nicat ilk təhsilini 2005-ci ildə Nizami rayonu 62
    nömrəli məktəbdə almış, daha sonra təhsilini Nizami rayonu Y.Kavalyov adına 229
    nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2016-cı ildə orta məktəbi bitirərək
    508 balla Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin
    Dövlət və İctimai münasibətlər ixtisasına qəbul olmuşdur. İxtisasca diplomat
    idi. O, ixtisasını çox sevirdi, həmin ixtisas üzrə işləmək arzusu idi. Maraqlı
    tələbəlik illəri keçib, qrup yoldaşları ilə çox mehriban olub. Bu gün onlardan
    Nicatın tələbəlik xatirələrini eşidirik.

    Nicat universiteti bitirdikdən sonra 2020-ci il
    iyulun 24-ü Ağca-bədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən “N” saylı hərbi
    hissəyə yola düşdü. O, əsgərlikdə rabitə bölüyündə baş xətlərə nəzarətçi vəzifəsini
    daşıyırdı. Hər şey çox yaxşı idi, özü də çox həvəsli idi. Ailəsi onu gözəl
    abu-havada xidmətə yola salmışdı. Sentyabrın 22-si Nicatın doğum günündə əzizləri
    onu görməyə gedir. Nicatın 22-ci doğum günü hərbi hissədə qeyd edilir. Hər əsgər
    anası kimi, Nicatın anası Xatirə xanımın da narahatlığı vardı, amma heç vaxt
    oğlunun şəhid olacağı ağlına gəlməzdi.

    Sentyabrın 27-si müharibə başlayanda, qorxmaz Nicat
    da döyüşlərdə iştirak edirdi. Evdəkilər narahat olsa da, o özü döyüşlərin cəsur
    iştirakçısı kimi düşmən üstünə gedirdi. Hər zəngində mənə görə narahat olmayın,
    mən yaxşıyam, siz özünüzə yaxşı baxın deyirdi. Oktyabrın 7-nə qədər hər gün evə
    zəng edib. Son zəngi oktyabrın 6-sı olub. Axşam saat  9-a qalmış evə zəng edib, hamı ilə danışıb.
    Yenə "mən yaxşıyam, hər şey yaxşıdı, narahat olmayın" deyib. O, zəng Nicatın sonuncu
    zəngi olub. Nicat oktyabrın 8-i səhər saatlarında Füzuli, Cəbrayıl istiqamətlərində
    gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

    Şəhidin bacısı Lalə Əhmədova onun haqqında xatirələrini
    qürur hissi ilə danışır: Nicatın uşaqlıqdan ən sevdiyi oyuncağı silah, avtomat
    olubdur. Həmişə davalı, döyüşlə bağlı kinolara baxardı. Hətta, yaşı kiçik olanda
    anam ona qorxar deyə döyüş kinolarına baxmağa icazə verməzdi. Amma böyüdükcə
    onda daha çox maraq yaranırdı. Futbolu da çox sevərdi, dostları ilə tez-tez
    yığışıb futbol oynamağa gedərdilər. Uşaqlıqdan ünsiyyətcil, şən, mehriban, səmimi,
    dostcanlı idi. Elə bu xüsusiyyətləri onu hamımızdan fərqləndirirdi. Özünə tez
    dost tapan idi, buna görə də çox dostları, tanışları var idi. Hətta son illər
    dostları ilə daha çox vaxt keçirirdi. Nicat çox mərd oğlan idi. Evimizin
    balacası olmasına baxmayaraq, həmişə özünü böyük, yetkin kimi aparırdı. Evdə
    hamımızın köməyinə çatardı. Məni də böyük qardaş kimi hara lazım olsa aparar, dərsdən
    gəlib gətirərdi. Hara əlimizi atsaq, Nicat deyə çağırardıq. Ona görə də bu gün
    onun yoxluğu çox hiss olunur. Bəzən hər şey yuxu kimi gəlir, onun yoxluğuna
    inana bilmirik, hələ də dərk edə bilmirik. Çox çətindi insanın canından can
    getməsi...

    Bizə müsahibələrdə, elə adi halda da o sual verilir
    ki, “Şəhid ailəsi olmaq və ya şəhid anası, atası, bacısı olmaq necə hissdir?” Mən
    o suala ümumi belə cavab vermək istəyirəm. Şəhid ailəsi olmaq bir yanın acı çəkərkən,
    digər yanının qürur hissi keçirməsidir. Şəhidlik uca bir zirvədir, Nicatımız da
    ucalardadır. Biz həmişə onunla fəxr etmişik, indi onunla daha çox fəxr edirik.
    Nicat bizim qəlbimizdə daim yaşayacaq...

    Nicat evin tək oğlu olub. Özündən başqa bir bacısı
    var.

    Subay idi.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
    qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan
    Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Əhmədov
    Nicat Həsən oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi
    uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında
    qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə
    görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

    Ruhu şad olsun!Qalib BƏYMƏMMƏDOĞLU,Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib62 dəfə
    Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz

    Maraqlı gələ bilər
    38
    32
    35
    39